Şirvanda Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Sentyabrın 25-də 27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Vətən müharibəsinin başladığı gün kimi Anım Günü elan edilib. Bildirib ki, bu əlamətdar gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla mübarizə apararaq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir.
İlqar Abbasov Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatın qarşısının alınması məqsədilə başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığını diqqətə çatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və şücaət nəticəsində torpaqlarımız işğaldan azad edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin gücünü, milli iradəsini və həmrəyliyini bütün dünyaya nümayiş etdirərək tariximizə şanlı səhifə kimi həkk olunub. Azərbaycan öz hərbi-siyasi iradəsi və gücü hesabına tarixi ədaləti bərpa edib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.
Qeyd edib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar.
Sonra çıxış edən Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, şəhid atası Alim Zülfiqarov və Vətən müharibəsi əlili Aslan Zəfərov 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən söz açıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “27 Sentyabr – Böyük zəfərə aparan yolun başlanğıcı” adlı sənədli filmi nümayiş olunub.
Tədbirdə həmçinin 70 illik yubileyi qeyd olunan şəhid atası, şəhər ağsaqqalı Alim Zülfüqarova yubileyi münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələrinin hazırladığı bədii kompozisiyanın nümayişi ilə yekunlaşıb.






