Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Azərbaycan Gəncləri Günü qeyd edilib.

30 yanvar 2026 | 14:55

Yanvarın 30-da Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi və “Şirvan Gənclər evi” SXM-in birlikdə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər – bugünün gücü, sabahın təminatıdır” mövzusunda tədbir keçirilib.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

“Şirvan Gənclər evi” SXM-də davam edən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhər gənclərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edərək, onlara sağlam gələcək, işlərində uğurlar və nailiyyətlər arzulayıb, müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyan dövlət gənclər siyasətinin ölkəmizdə gənc nəslin mənəviyyatca zəngin və hərtərəfli inkişafı, eyni zamanda ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib.

Bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Həyata keçirilən gənclər siyasəti gənc nəslin müxtəlif sahələr üzrə inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimiz Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Ulu Öndərin siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və fəal gənc Elvina Səmədzadə əlamətdar gün münasibətilə gənclərini təbrik ediblər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyinin xoşbəxt və firavan gələcəyə doğru qürurla addımladığını ifadə ediblər. Qeyd olunub ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Tədbirdə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənc şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Tədbir konsert proqramı ilə davam edib, sonda xatirə şəkli çəkilib.

Keçidlər