Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda baş leytenant Fuad Bağırovun doğum günü qeyd olunub.

03 noyabr 2022 | 16:36

2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar qar çovğununda itkin düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun doğum günü bu gün Şirvan şəhərində qeyd edilib. 3 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə baş leytenant Fuad Bağırovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Fuad Bağırovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər birimizin qürur duyduğunu söyləyib. Fuad kimi qəhrəman oğulların xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Vətən müahribəsindən il yarım sonra Fuad Bağırovun şəhadəti ilə xalqlımızın Vətəni qorumaq naminə canından keçən qəhrəman oğullarının hər zaman var olduğunu qeyd edib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Şəhid adlarının əbədiləşdirilməsi və ailələrinin diqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışıb. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının izdihamla ziyarət olunduğunu bildirb. Şəhidin dövlətə əmanət qalan övladlarının da atalarının şərəfli adına layiq və xoşbəxt böyüməsini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidin məzarı başında çıxış edən millət vəkili İltizam Yusifov, YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif Fuad Bağırovun həyat yolundan və döyüşlərdəki şüsacətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Fuadın xatirəsinin daim əziz tutulacağını bildiriblər. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları şəhid baş leytenant Fuad Allahverdi oğlu Bağırovun vaxtilə yaşadığı məhəllədə xatirə lövhəsinin açılışında iştirak ediblər. Şəhidin atası Allahverdi Bağırov ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Qeyd edək ki, Bağırov Fuad Allahverdi oğlu 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olub. 1998-ci il də Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.  Rütbəsi baş leytenantdır. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Baş leytenant Bağırov Fuad Allahverdi oğlu həlak olduğu vaxt Kəlbəcər rayonu N saylı hərbi hissədə rabitəçi işləyib. Ailəli idi. Bir oğlu və bir qızı var. 2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb. Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyətinin və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb və onlar Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Davam edən axtarışlar nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i tapılıb və fevralın 1-də Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Mətbuat xidməti

Keçidlər