Şirvanda Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib, onlar üçün iftar süfrəsi təşkil olunub.
Martın 6-da Şirvan Şəhər İcra Hakimiyyəti və “Əminlər” şirkətinin birgə təşkilatçılığı ilə iftar süfrəsi açılıb, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, “Əminlər” şirkətinin rəhbəri Məmməd Mənsimov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın xanım əməkdaşları, şəhid ailələrinin üzvləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırdığını, onun Azərbaycan xanımları haqqında mötəbər tədbirlərdə səsləndirdiyi fikirləri xatırladıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyini vurğulayıb. Tarixin bütün dövrlərində qadınların kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında əhəmiyyətli rol oynadıqlarını bildirib və qəhrəmanlarımızı dünyaya gətirən bütün analara, xüsusilə şəhid analarına minnətdarlığını ifadə edib.
Həmçinin müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini qeyd edib.
Sonra çıxış edən “Əminlər” şirkətinin rəhbəri Məmməd Mənsimov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhid atası Alim Zülfüqarov və şəhid anası Xuraman Muradova şəhid analarını və şəhidlərin xanım ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan xanımlarına səmimi arzularını çatdırıblar. Həmçinin Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirərək, şəhidlərimizə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıblar.
Şəhid anaları göstərilən diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xanımlara gül çələngləri, hədiyyələr təqdim edilərək xatirə şəkli çəkdirilib.






