Şirvanda “Biz narkotiklərə yox deyirik, sağlam həyat tərzini seçirik” mövzusunda tədbir keçirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planına uyğun olaraq, 15 noyabr 2023-cü il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında “Biz narkotiklərə yox deyirik, sağlam həyat tərzini seçirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul işçisi Vasif Quliyev, Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Hüseynov, Şirvan Şəhər Polis Şöbəsinin baş təhqiqatçısı Ayxan Cəlilov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbə ləri iştirak edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul işçisi Vasif Quliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və ölümcül fəsadları barədə ətraflı məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Hüseynov şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının gördüyü işləri, narkomanlığın cəmiyyətə ziyanı, onunla mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
Şirvan Şəhər Polis Şöbəsinin baş təhqiqatçısı Ayxan Cəlilov ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayaraq, şəhərdə narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.
Tədbirin sonunda tələbələrə narkotiklər və psixotrop maddələrin zərərləri barədə maarifləndirici bukletlər paylanılıb.