Şirvanda Dövlət Bayrağı Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərinin Bayraq meydanında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional qurumların, idarə və müəssisələrin rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirakçıları 9 Noyabr – Dövlət Bayrağı Günü və 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, hər iki əlamətdar günün xalqımızın milli birliyinin, dövlətçilik ənənələrinin, vətənə bağlılığının və qəhrəmanlıq tarixinin təcəssümü olduğunu vurğulayıb. Dövlət Bayrağının müstəqilliyimizin, suverenliyimizin və milli qürurumuzun rəmzi olduğunu qeyd edərək, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasının xalqımızın tarixi Zəfərinin ən böyük təcəssümlərindən biri olduğunu bildirib.
İlqar Abbasov ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb, hər kəsi bayramlar münasibətilə bir daha təbrik edərək, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev və Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov çıxış edərək iştirakçıları bayramlar münasibətilə təbrik edib, 8 Noyabr – Zəfər Gününün və 9 Noyabr – Dövlət Bayrağı Gününün xalqımızın həyatında mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda milli dövlətçilik ənənələrinin qorunub saxlanılmasının, dövlət rəmzlərimizə ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi qeyd olunub.
Tədbir çərçivəsində məktəblilər tərəfindən Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Daha sonra şəhid valideynləri ilə birlikdə əraziyə müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd Dövlət Bayrağı Gününü yüksək vətənpərvərlik ruhunda qeyd etməklə yanaşı, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və gənclər arasında ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.






