Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Dövlət qulluqçularının peşə bayramı qeyd edilib.

23 iyun 2022 | 10:38
23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və əməkdaşları, şəhərdə fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak edib.
Tədbir iştirakçıları ilk olaraq Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrı düzərək xatirəsini ehtiramla yad ediblər.
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə iştirak edən dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və onlara çətin və məsuliyyətli işlərində müüvəffəqiyyətlər arzulayıb. Ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərilən diqqət və qayğıdan bəhs edən İlqar Abbasov ölkə başçısının 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin təzahürü olduğunu söyləyib. Vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin olduğunu vurğulayıb. Ölkə başçısının “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığınıı bildirib və bayram münasibəti ilə onlara təbriklərini çatdırıb.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlardan, vahid dövlət siyasətinin formalaşdırılmasından, kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsindən, geniş hüquqi bazanın yaradılması sahəsində görülən işlərdən danışıb. Hər il ölkə başçısı tərəfindən uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və öz vəzifəsini ləyaqətlə yerinə yetirən dövlət qulluqçularının müxtəlif orden və medallarla təltif edildiyini vurğulayb. Bu isə şərəfli peşə sahibləri sırasında fərqlənənlərə dövlət başçısının diqqətinin bariz nümunəsi olduğunu qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının aparatının, sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, şəhərdə fəaliyyət göstərən bir sıra dövlət orqanlarının bir qrup işçisinə dövlət qulluğunun növbəti ixtisas dərəcəsinin verildiyini bildirib və onlara göstərilən etimadı layiqincə doğruldaraq daha böyük uğurlara nail olmalarını arzu edib.
Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, veteran dövlət qulluqçuları Həzi Qasımov, Adəm Hüseynov, Firuzə Məmmədova dövlət qulluğunda xidmət göstərməyin çətin və məsuliyyətli, eyni zamanda şərəfli olmasından bəhs ediblər. Dövlət qulluqçusu üçün ən vacib amilin sədaqət olduğunu, dövlətin prinsiplərinin şəxsi mənafedən üstün tutulmasının vacibliyini qeyd ediblər. Ulu öndərin miras qoyduğu dövlətçilik ənənələrinin gənc dövlət qulluqçuları tərəfindən ləyaqətlə davam etdirilməsini arzulayıblar.
Sonra Şəhər İcra Hakimiyyəti başçsısının Sərəncamı ilə dövlət qulluğuna yeni qəbul edilən Şəhər İcra Hakimiyyəti aparatının 3 əməkdaşı təntənəli surətdə dövlətə sədaqət andı içiblər.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər. Təltif olunan dövlət qulluqçuları onların əməyinə verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da dövlətə vicdanla və ləyaqətlə xidmət edəcəklərini vurğulayıblar.
 
Mətbuat xidməti
Keçidlər