Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib.
İyunun 23-də dövlət qulluqçularının peşə bayramı münasibətilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək səviyyədə dəyərin təzahürü olduğunu diqqətə çatdırıb.
Həmçinin qeyd edib ki, ölkəmizdə hər il möhtərəm Prezidentimiz cənab lham Əliyevin müvafiq sərəncamları ilə dövlət qulluqçuları yüksək ixtisas dərəcələri, "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adına layiq görülürlər. Dövlət qulluqçuları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirir və hər bir təltifi ümumilikdə dövlət qulluqçularının əməyinə verilən yüksək dəyər kimi qiymətləndirirlər.
Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər prokuroru Kamal Talıbov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov dövlət qulluqçularının cəmiyyətin və dövlət idarəçiliyinin inkişafındakı mühüm rolundan bəhs ediblər. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində həyata keçirilən ardıcıl islahatların bu sahənin daha da təkmilləşdirilməsinə, şəffaflığın və peşəkarlığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıblar.
Çıxış edən dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Tədbirdə bir qrup dövlət qulluqçusu dövlət qulluqçularının peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.






