Şirvanda Dövlət Suverenliyi Günü qeyd edilib.
Sentyabrın 18-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Heydər Əliyev Mərkəzi və Şirvan şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü və 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Dövlət Suverenliyi Gününə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Sərgidə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Vətən müharibəsi dövründə etdiyi çıxışları özündə ehtiva edən, Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını əks etdirən kitablar nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu əlamətdar gün ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntənəsini əks etdirir. Aynur Fərzəliyeva Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirlərinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu tarixi hadisələr xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün mühüm tarixi irs olacaq.
Çıxışının sonunda Aynur Fərzəliyeva tədbir iştirakçılarını 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin, həmçinin Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsinin və 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdinin iştirakı ilə hazırlanan zəngin konsert proqramı ilə davam etdirilib. Proqram çərçivəsində xor, instrumental və vokal ifalar, eləcə də şeir kompozisiyası təqdim olunub.






