Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Dövlət Suverenliyi Günü qeyd edilib.

19 sentyabr 2025 | 14:22

Sentyabrın 19-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara və Dövlət Suverenliyi Gününə həsr olunmuş uşaqların əl işindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bilidirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri

nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində suverenliyimiz möhkəmləndi, iqtisadiyyatımız inkişaf etdi, ordumuz gücləndi və nəhayət, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

İlqar Abbasov eyni zamanda vurğulayıb ki, bu tarixi qələbələr mötərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin, dövlət idarəetməsi strategiyasının məntiqi nəticəsidir. Bu strategiyanın əsasını güclü ordu quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq müstəvidə prinsipial mövqe təşkil edib.

Sonra məruzə ilə çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Əhmədov Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd edib ki, bu illər ərzində ölkəmiz mühüm siyasi, iqtisadi və hərbi uğurlar əldə edib. Müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla, Ermənistanın hərbi təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

Pərviz Əhmədov çıxışında 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan antiterror tədbirlərindən bəhs edib.

Həmçinin qeyd edib ki, Dövlət Suverenliyi Günü – sadəcə yeni bir tarix deyil, Azərbaycan xalqının suverenliyə doğru tarixi yürüşünün yekun zirvəsidir. Bu gün həm keçmişə ehtiram, həm bu günün uğurlarının təntənəsi, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətçilik ideologiyası, xalq-iqtidar birliyi və müstəqil siyasi xətt bu suverenliyin möhkəm dayaqlarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü artıq bu dayaqların təqvimə həkk olunmuş təntənəsidir. Bu gün Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, onun müstəqilliyini qorumasının və daha da möhkəmləndirməsinin təcəssümüdür. Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Daha sonra Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Huseynov, şəhid Əli Tağıyevin atası Azad Tağıyev, şəhid atası Alim Zülfüqarlı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək, 20 sentyabr tarixinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin qürurunu yaşadıqlarını vurğulayıb, ərazi bütövlüyünü tam bərpa edən suveren Azərbaycanın uğurlarının hələ irəlidə olduğunu diqqətə çatdırıblar. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün və suverenliyimizin xalqımızın milli sərvəti olduğunu qeyd ediblər.

Tədbirdə Dövlət Suverenliyi Gününə həsr olunmuş sənədli film nümayiş olunub, şəhər E. İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında Dövlət Suverenliyi Günü münasibətilə hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Keçidlər