Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi keçirilir.

22 iyun 2023 | 10:36

21 iyun 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkili İltizam Yusifov və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə Şirvan şəhərində 3 mərkəzdə keçirilən test imtahanlarını izləyiblər. Qonaqlara məlumat verilib ki, Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar. İmtahan prosesini izləyən nazir müavini Həsən Həsənli qeyd edib ki, sertifikatlaşdırma təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq, gələcək uğurlarımızın təməli kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses inkişafa ehtiyacı olan istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq. Prosesin təşkilində məqsəd şagirdlər üçün ən yaxşı təhsili təmin edə bilməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində mütəmadi işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, sertifikasiya davamlı bir inkişaf prosesidir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir. İmtahanlar ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunur. 20 000-ə yaxın müəllim ibtidai sinif, 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq.

Keçidlər