Şirvanda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib.
22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü və ədliyyə orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edən tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 106 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Azərbaycan ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan və Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra bütün sahələrdə, o cümlədən ədliyyə orqanlarında və məhkəmə sistemində işin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan İlqar Abbasov qeyd edib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə qanunun aliliyinin bərqərar olması və vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılır.
Sonra çıxış edən Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Regional Mühafizə Şöbəsinin rəisi Əfqan Hüseynov və "Şirvan" gömrük postunun rəisi Vüsal Mirzəyev peşə bayramı günü münasibətilə ədliyyə sahəsində çalışan bütün işçiləri təbrik edərək, Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərin və qazanılan nailiyyətlərin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların real təzahürü olduğunu diqqətə çatdırıblar.
Daha sonra Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü və ədliyyə orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə bir qrup ədliyyə işçisi şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilib, xatirə hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.