Şirvanda əlilliyi olan şəxslərin əl işlərinin sərgisi keçirilib.
Sentyabrın 26-da Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Reabilitasiya Mərkəzi və Şirvan Gənclər evi sosial xidmət müəssisəsinin birlikdə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova, Şirvan Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Əfqan Həsənov və əlilliyi olan şəxslər iştirak ediblər.
Çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb. Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini, ekoloji mədəniyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edib ki, sərginin məqsədi bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması, dəstəklənməsi, onların sosial reabilitasiyasının təşkil edilməsidir.
Nümayiş olunan əl işləri sırasında Azərbaycanın tarixini, bu gününü, milli mənəvi dəyərlərini özündən əks etdirən müxtəlif rəsmlər, “Yaşıllıqları qoruyaq” adı altında quş yuvalarının hazırlanması, tullantılardan əl işləri, rəngləmə bacarıqları nümunələri yer alıb.
Sərgidə nümayiş olunan yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda xatirə şəkli çəkilib.