Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Əməkdar bədən tərbiyəsi və idman xadimi Vaqif Cəfərovun 80 illik yubileyi qeyd olunub.

19 may 2023 | 16:30

19 may 2023-cü il tarixində Şirvan Gənclər Evində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ömrünün 50 ilini idmanın inkişafına həsr edən, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş məşqçi-müəllim Vaqif Cəfərovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, ziyalılar, idman xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə tədbir iştirakçıları Vaqif Cəfərovun həyatını və idman fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sonra Vaqif Cəfərovun həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vaqif Cəfərovu 80 yaşı münasibətilə təbrik edib və ona xoş arzularını bildirib. Ölkəmizdə idmana dövlət qayğısından bəhs edərək, qeyd edib ki, idman sahəsində qazanılan yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib. Vaqif Cəfərovun ömür yolunun gənc idmançılarımız üçün məktəb olduğunu və bu məktəbin yetirmələrinin respublikamızın idman şərəfinin qorunması yolunda uğurla addımladıqlarını diqqətə çatdırıb. Onun zəhmətinin dövlət başçısı tərəfindən dəyərləndirildiyini, ona verilən fəxri adın ümumilikdə Şirvan şəhərinin idmanına göstərilən diqqət olduğunu qeyd edib. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və digərləri Vaqif Cəfərovu yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, 1943-cü il mayın 20-də dünyaya göz açan Vaqif Cəfərov Şirvan şəhərində güləş idman növünün inkişaf etdirilməsində müstəsna xidmətləri olmuş və ömrünün çox hissəsini idmanın bu növünə həsr edib. Onun yetirmələrinin respublika və dünya çempionatlarında yüksək nəticələr əldə etdiyini və mükafatlara layiq görüldüyünü bildiriblər. Vaqif Cəfərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Sonra Vaqif Cəfərova şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xatirə hədiyyəsi təqdim olunub. Tədbir şəhərin mədəniyyət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Keçidlər