Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə həsr olunmuş tədbir keçirilib.

18 noyabr 2025 | 16:37

Təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq “Uşaq hüquqları aylığı” çərçivəsində noyabrın 18-də “Erkən nikah və qohum evliliyinin fəsadları” mövzusunda Şirvan Peşə Liseyinin tələbələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva qeyd edib ki, hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 20 oktyabr–20 noyabr tarixləri ölkəmizdə “Uşaq hüquqları” aylığı kimi qeyd olunur. Bu aylıq çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam inkişaf mühitinə sahib olması istiqamətində müxtəlif maarifləndirici təşəbbüslər həyata keçirilir. Bildirib ki, "Uşaq hüquqları” aylığının əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Aynur Fərzəliyeva həmçinin son dövrlərdə erkən nikah, qohum evliliklərinin qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atıldığını vurğulayaraq, erkən nikah və qohumlar arasında bağlanan nikahların mənfi nəticələrini diqqətə çatdırıb.

Sonra çıxış edənlər – Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aysu Ağadadaşlı, Şirvan 1 saylı Mediasiya təşkilatının direktoru Taryel İsgəndərov, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Emin Budaqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının əməkdaşı Sevinc Alışova erkən nikah və qohum evliliyinin cəmiyyətimiz, ailələrimiz və xüsusilə də uşaqların gələcəyi üçün yaratdığı fəsadlar, erkən nikah hallarının hüquqi nəticələri, eləcə də yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanun pozuntuları zamanı tətbiq edilən məsuliyyət növləri, qohum evliliklərinin yaratdığı mənəvi və sosial risklər, qohum evliliklərinin genetik xəstəliklərin yaranmasına təsiri, həmçinin bu fəsadların qarşısının alınmasında tibbi maarifləndirmənin əhəmiyyəti barədə məlumat veriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, erkən nikah və qohum evliliyinin fəsadları ilə bağlı bukletlər paylanılıb.

Keçidlər