Şirvanda “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Sentyabrın 20-də “Yaşıl dünya naminə həmrəylik İli“ çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Peşə Liseyinin və “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan milli neft strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhərin neft sənayesi müəssisələrində çalışan neftçilər iştirak ediblər.
Öncə Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgiyə baxış keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü və 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib, şəhərin neft sənayesi müəssisələrində çalışan neftçilərə çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevaya, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, ”Shirvan Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşları Bəhruz Ənvərli və Taleh Məmmədov bildiriblər ki, Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu.
Vurğulanıb ki, bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilib, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir.
Daha sonra “Heydər Əliyev və Azərbaycanda neft strategiyası”ndan bəhs edən ”Əsrin müqaviləsi” filmi nümayiş olunub.
Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 30-cu ildönümü və 20 sentyabr - Neftçilər Günü münasibətilə neft sənayesində uğurlu fəaliyyətinə görə bir qrup neftçiyə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.