Şirvanda “Ətraf mühiti plastik tullantılardan qoruyaq” adlı maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması məqsədilə 30 yanvar 2023-cü il tarixdə Şirvan Peşə liseyində maarifləndirmə tədbiri keçirilib. “Ətraf mühiti plastik tullantılardan qoruyaq” adlı tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aidiyyəti nümayəndələri və Şirvan Peşə liseyinin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Emil Məcidov, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçisi Elmar Quliyev və Şirvan Peşə liseyinin direktoru Elnur Novruzov çıxış edərək plastik qablaşdırma məhsullarından kütləvi istifadənin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirindən, bu sahədə çirklənmənin azaldılması ilə bağlı tədbirlərin icrasından, movcud vəziyyətin araşdırılmasından, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillərin aparılmasından, qabaqcıl ölkələrin analoji təcrübəsindən istifadə etməklə strateji məqsədlərin müəyyənləşdirilməsindən danışıblar. Eyni zamanda ətraf mühitin qorunmasının daim diqqət mərkəzində olmasını tövsiyə ediblər. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ilə bağlı verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mətbuat xidməti