Şirvanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib.
16 dekabr 2022-ci il tarixdə Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi Ramil Şıxəliyev, idarənin kollektivi şəhərin mərkəzi meydanında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu sahədə maddi texniki bazanın möhkəmləndirilməsi, kadrların peşəkarlığının artırılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının FHN-nin tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərqlənən əməkdaşların fəxri adlarla təltif edilməsi, qurumun fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə dövlət başçısının iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. İnanırıq ki, FHN əməkdaşları ötən müddət ərzində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcəkdir. Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayırıq.
Şirvan Şəhər İcra Hakimiyyəti