Şirvanda “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
19 aprel 2023-ci il tarixdə S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Şirvan Şəhər Polis Şöbəsinin və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov qeyd edib ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Son dövrlər Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilməkdədir. Bundan öncəki mübarizə tədbirlərindən fərqli olaraq hazırda ictimaiyyət də rəsmi qurumlara kömək məqsədi ilə təbliğat işlərində fəal iştirak edir. Çıxış edən Yap Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıb. Diqqətə çatdırıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Hər bir gənc çalışmalıdır ki, zərərli vərdişlərdən uzaq dursun, özünü və ətrafdakıları qorusunlar. Daha sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərə qarşı mübarizə sahəsində son zamanlar görülən işlərdən bəhs edib. Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəfael Nəsirov çıxışını tələbələrlə diskussiya şəklində apararaq onlardan narkomaniya barədə necə məlumatlı olmalarını sorğuladı. Gənclər Evinin əməkdaşı Nicat Sarxanov narkomaniyanın psixoloji fəsadları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Gənclərin sosial fəaliyyətlərinin artırılması ilə bağlı tövsiyyələr edib. Tədbirin sonunda 1 nömrəli məktəbin direktoru Rəfiqə Rzayeva çıxış edərək bu qəbildən olan tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini vurğulayaraq tədbir iştirakçılarına və təşkilatçılara öz təşəkkürünü bildirib. Həmçinin qeyd edib ki, rəhbəri olduğu məktəbdə bu isitiqamətdə həm müəllimlər, həm psixioloqlar tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır.