Şirvanda “Gənclərin məşğulluq və sosial müdafiə sahəsində hüquqi maarifləndirilməsi” mövzusunda seminar keçirilib.
10 iyun 2022 | 16:10
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə may ayının 18-dən - iyun ayının 18-dək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində 10 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Peşə liseyində “Gənclərin məşğulluq və sosial müdafiə sahəsində hüquqi maarifləndirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 1 saylı filialının Pensiya təminatı şöbəsinin müdiri Vüsalə Həsənova, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Peşə liseyinin şagirdləri, gənclər iştirak edib.
Qonaqlar Peşə liseyinin şagirdləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci 18 iyun tarixli Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsman) təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixlərinin “İnsan hüquqları aylığı” elan edilməsi barədə məlumat verib və Şirvan Şəhər İcra Hakimiyyətinin şəhərin idarə, müəssisə və təşkilatları ilə birlikdə “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər, seminarlar, dəyirmi masalar keçirdiyini bildirib. Tədbirlərin keçirilməsində əsas məqsədin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırılmasına xidmət göstərdiyini söyləyib.
Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 1 saylı filialının Pensiya təminatı şöbəsinin müdiri Vüsalə Həsənova ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində dövlət siyasətindən, əmək, məşğulluq, sosial müdafiə sahəsində hüquqlar sistemindən bəhs ediblər. Bu sahədə milli qanunvericiliyin mütərəqqi yanaşmalar əsasında daim təkmilləşdirildiyini vurğulayıblar. Son illər köklü sosial islahatlar çərçivəsində həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlardan, hazırlanmış yeni qanunvericilik aktlarından danışıblar. Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə əmək və sosial hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar barədə məlumat veriblər. Əmək bazarında peşələrə olan tələbatın artmasından, Dövlət Məşğulluq Agentliyinin peşə və ixtisaslara uyğun təkliflər verməsindən, yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslardan, 2022-ci ilin mayın 21-də “Öyrən, əylən, peşəni seç” devizi altında Şirvan şəhərində keçirilən “Peşələr festivalı”ndan söz açıblar. Gənclərə peşə seçimində diqqətli olmalarını və gələcəkdə seçdikləri peşəni sevərək fəaliyyət göstərmələrini tövsiyə ediblər.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hüseyn İsmayılov, Gənclər evinin əməkdaşı Nicat Sarxanov çıxışlarında insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıblar. Gənclərə insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, tarixi inkişaf dinamikası, müxtəlif meyarlar üzrə təsnifatı barədə məlumat veriblər.
Diskusiya şəklində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclərin peşə, ixtisas seçimi, gələcəkdə məşğullun təmin olunması, özlərinin və ailə üzvlərinin sosial problemləri barədə sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Mətbuat xidməti