Şirvanda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində tədbir keçirilib.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun üzvlərinin iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində səhiyyə işçilərinin əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Monitorinq qrupunun katibi Rafail Nəsirovun, Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Heydər Məmmədovun, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri Qalib Mirzəyevin və Monitorinq qrupunun üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının əməkdaşlarına məişət zorakılığının qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması, təhlükəsizliyinin təmin olunması, mühafizə orderlərinin müddətləri və verilmə qaydaları, zorakılığın yaratdığı məsuliyyət halları haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçıları mövzu üzrə fikirlərini söyləyib, interaktiv müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.