Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

15 aprel 2025 | 12:46

Aprelin 15-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Ulu Öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib.

Sonra çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-oftalmoloqu Mehparə Muradova, “Nur Göz” klinikasının həkim-oftalmoloqu Günel Sayılova, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.

Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər