Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

15 aprel 2026 | 18:17

Aprelin 15-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə akademik Zərifə xanım Əliyevanın xatirə lövhəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, 15 aprel tarixi bizim üçün ömrünü başqalarının gözünə nur, qəlbinə ümid verməyə həsr etmiş böyük bir insanın — akademik Zərifə xanım Əliyevanın ehtiramla anıldığı gündür. O, Azərbaycan elminin zirvəsində qərar tutan bir alim olmaqla yanaşı, həm də xalqımızın yaddaşında xeyirxahlıq, şəfqət və fədakarlıq mücəssəməsi kimi əbədiləşib. Qeyd edib ki, Zərifə xanımın ömür yolu "tibb elminə həsr olunmuş fədakarlıq dastanı"dır. O, təkcə həkim deyil, həm də minlərlə insana işıqlı dünya bəxş edən bir şəfa rəmzi idi.

İlqar Abbasov həmçinin vurğulayıb ki, Zərifə xanım həm də Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, onun mənəvi dayağı idi. Ümummilli Liderimiz öz xatirələrində qeyd edirdi ki, onun dövlət işlərindəki uğurlarının arxasında Zərifə xanımın ailədə yaratdığı o yüksək mənəvi mühit dayanırdı. Bu gün dövlət başçımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsiyyətində biz Zərifə xanımın aşıladığı xeyirxahlıq, məğrurluq və vətənpərvərlik toxumlarının bəhrəsini görürük. Qeyd edib ki, Zərifə xanım Əliyeva dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı, dövlət xadiminin anası olmaqla əbədiyaşarlığa qovuşmuşdur.

Sonra çıxış edən “Nur Göz” klinikasının həkim-oftalmoloqu Günel Sayılova, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.

Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş Heydər Əliyev Fondu tərəfindən təqdim olunan sənədli film nümayiş olunub.

Keçidlər