Şirvanda “Haqqın 44 günü” tamaşası nümayiş olunub.
Sentyabrın 24-də Şirvan şəhərində qastrol səfərində olan Lənkəran Dövlət Dram Teatrının truppası 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Haqqın 44 günü” tamaşası ilə çıxış ediblər.
Şirvan Şəhər Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri izləyiblər.
Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb. Tamaşada müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinlik və ağrı-acılardan da bəhs olunur.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov teatrın kollektivi ilə görüşüb, tamaşanın yüksək səviyyədə hazırlanmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin İlqar Abbasov tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynovaya təqdim edilib.






