Şirvanda “Heydər Əliyev İli” çərçivəsində ümumşəhər ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, ölkəmizin bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına əsasən Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumşəhər ağacəkmə aksiyası keçirilib. Şirvan şəhər Heydər Əliyev parkında və Şəhidlər Xiyabanının ətrafında təşkil olunan ağacəkmə aksiyasında şəhərin idarə və müəssisələrinin, xidmət təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanovun, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədovun, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradovun, ŞİHB yanında Şura üzvlərinin, şəhərin idarə və müəssisə rəhbərlərinin aksiyada böyük həvəslə ağac əkmələri aksiya iştirakçlılarına, xüsusilə gənclərə stimul verib. Şirvan şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən Heydər Əliyev parkında və Şəhidlər Xiyabanının ətrafında, ümumilikdə 1000 həmişəyaşıl və dekorativ ağac əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, tinglərin dibləri bərkidilib və suvarılıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aksiya iştirakçıları qarşısında çıxış edərək, belə bir önəmli missiyada fəal iştirak etdikləri üçün onlara təşəkkürünü bildirib. Respublikamızın paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də silsilə ağacəkmə tədbirlərinin keçirilməsində məqsədin yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Şirvan şəhər ictimaiyyətinin yaz və payız aylarında keçirilən ümumşəhər ağacəkmə aksiyalarında hər zaman fəal iştirak edərək ətraf mühitə öz töhfələrini verdiklərini qeyd edib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin il ərzində davam edəcəyini vurğulayıb.
Mətbuat xidməti