Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda konfrans keçirilib.

12 oktyabr 2023 | 16:01

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Şirvan şəhər qadınlarının konfransı keçirilib.

Konfransda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, şəhərin idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın və gənclər iştirak edib.

Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda qadın qurultayları məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Çox müsbət bir haldır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında xüsusi fəallığı ilə seçilir. Həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət həyata keçirir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir.

Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması ilə bağlı bir sıra layihələrin həyata keçirildiyini vurğulayan Aynur Fərzəliyeva ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığını, qəbul olunan dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini, “Azərbaycan 2020-gələcəyə baxış” inkişaf konsepsiyasında ailə strategiyası və gender bərabərliyi ilə bağlı müddəaların əksini tapdığını bildirib.

Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib. Konfransda gender məsələlərindən, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlardan və bu kimi bir neçə aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib.

Keçidlər