Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda iftar süfrəsi təşkil edilib.

07 mart 2025 | 10:55

Martın 6-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

İftar mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qadınlara göstərilən diqqət və qayğını dövlət siyasəti səviyyəsinə qaldırdığını, onun Azərbaycan xanımları haqqında mötəbər tədbirlərdə səsləndirdiyi fikirləri xatırladıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın timsalında qadınların həm gözəl ana, həm də fəal ictimai xadim ola biləcəyini vurğulayıb. Tarixin bütün dövrlərində qadınların kişilərlə çiyin-çiyinə böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında əhəmiyyətli rol oynadıqlarını bildirib və qəhrəmanlarımızı dünyaya gətirən bütün analara, xüsusilə şəhid analarına minnətdarlığını ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, şirvanlı qadınların da şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini qeyd edib.

Həmçinin müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirərək, şəhidlərimizə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıb.

İftar mərasimində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına təbrik məktubu səsləndirilib.

İftar məclisində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub.

Keçidlər