Şirvanda iftar süfrəsi təşkil olunub.
Martın 19-da Şirvan Şəhər İcra Hakimiyyəti və Sərvət Ailəvi İstirahət Mərkəzinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
İftar mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Heydər Əsədov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Sərvət Ailəvi İstirahət Mərkəzinin rəhbəri İbrahim Qasımov şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İftar süfrəsində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mərasim iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, hər kəsə möhkəm cansağlığı, süfrələrə bolluq-bərəkət, xalqımıza və dövlətimizə firavanlıq, əmin-amanlıq arzulayıb.
Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra çıxış edən millət vəkili Heydər Əsədov, Sərvət Ailəvi İstirahət Mərkəzinin rəhbəri İbrahim Qasımov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını diqqətə çatdırıblar. Həmçinin Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirərək, şəhidlərimizə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıblar.
Daha sonra din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib, edilən dualarda ölkəmizdə sülh və sabitliyin qorunması, dövlətimizin inkişafı, xalqımızın rifahı arzulanıb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.






