Şirvanda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fevralın 18-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Şirvan şəhərində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Ombudsman Aparatının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb, maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib. Bildirib ki, informasiya əldə etmək hüququnun təmin olunması demokratik cəmiyyətin mühüm göstəricisidir və bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında vacib rol oynayır.
Sonra Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları təqdimatlarla çıxış edərək, Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.
İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında ətraflı məlumatlandırılıb.
Yekunda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.






