Şirvanda “İnsan Hüquqları Aylığı” çərçivəsində miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
3 iyunda Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığ ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, tənzimlənməyən vəziyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov, Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhman Quliyev təhsil, mədəniyyət, tibb, vətəndaş cəmiyyəti institutlarının və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən danışaraq, tədbir iştirakçılarına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "İnsan Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciətini çatdırıb.
Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhman Quliyev, Şirvan Regional Miqrasiya İdarəsinin vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi, Seyhun Məmmədov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və bu istiqamətdə görülən işlərdən söhbət açıblar. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama, daimi yaşama icazələrinin alınması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və vətəndaşlığa qəbul ilə bağlı müvafiq prosedurlar izah olunub.
Sonda miqrasiya sahəsi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.