Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “İnsan Hüquqları Aylığı” çərçivəsində miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

10 iyun 2026 | 16:16

İyunun 10-da Şirvan Şəhər İcra Hakimiyyəti və Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazələr verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, onların inzibati məsuliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Azər Hüseynov, Şirvan Regional  Miqrasiya İdarəsinin  rəis müavini Bəhman Quliyev, şəhərin hüquq-mühafizə orqanlarının təmsilçiləri, təhsil, mədəniyyət, səhiyyə, vətəndaş cəmiyyəti institutlarının və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Azər Hüseynov “İnsan Hüquqları Aylığı”nın ölkəmizdə insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətdə hüquq mədəniyyətinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanda insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahədə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib.

Azər Hüseynov, həmçinin belə maarifləndirici tədbirlərin vətəndaşların hüquqi biliklərinin artırılmasına, hüquq və vəzifələri barədə məlumatlılığının yüksəldilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini Bəhman Quliyev, Şirvan  Regional  Miqrasiya İdarəsinin vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi Seyhun Məmmədov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və bu istiqamətdə görülən işlərdən söhbət açıblar. Həmçinin Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə verilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qanuni qalma qaydaları, əmək fəaliyyəti, qeydiyyat məsələləri və inzibati məsuliyyət tədbirləri barədə iştirakçılara ətraflı məlumat təqdim edilib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər və əcnəbilərin hüquqlarının qorunması mövzusunda qurumlararası əlaqəli fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər