Şirvanda keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans başa çatıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans noyabrın 30-da öz işini davam etdirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Şəhər İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan danışıb. O, ölkəmizdə demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurulduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanmasının xüsusilə aktuallıq kəsb etdiyinə diqqət çəkib.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə keçirilən konfransın mövzusuna diqqət çəkərək, qloballaşma dövrünün çağırışlarından danışıb. Bildirib ki, dinin dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşməsi cəhdləri, dünyəvilik və dini dəyərlərin bir-birinə qarşı qoyulması yolverilməzdir.
Şirvan şəhər 21 saylı orta məktəbin direktoru Səadət Quliyeva milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildirib ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” adlı videoçarx nümayiş edilib.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.