Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda tədbir keçirilib.
Aprelin 17-də Şirvan Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional Bölməsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov, DQİDK-nın Şirvan-Salyan Regional Bölməsinin müdiri Sənan Xəlilov və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilərək, dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunub. Ölkəmizdə dini radikalizmə qarşı mübarizənin hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparıldığı diqqətə çatdırılıb.
Eyni zamanda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.
Tədbirdə dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.