Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Mayın 27-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Apellyasiya Məhkəməsi və Şirvan Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın suverenlik yolunun tarixi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün Azərbaycan tarixində son dərəcə əlamətdar bir günü – Azərbaycan Respublikasının Müstəqillik Gününü dərin ehtiram və böyük fəxarət hissi ilə qeyd edirik. 1918-ci il 28 may tarixində Azərbaycan xalqı dünya tarixinə öz azadlıq iradəsini bəyan etdi. Məhz həmin gün Şərqdə ilk parlamentli, demokratik və dünyəvi Respublika yaradıldı. Bu, xalqımızın dövlətçilik tarixində qürurverici bir dönüş nöqtəsi idi. Diqqətə çatdırıb ki, XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu Öndər Heydər Əliyev həmin dövrdə müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən, böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.
Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir.
İlqar Abbasov vurğulayıb ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən idi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Bu qələbələr ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyub.
Sonra “Azərbaycanın suverenlik yolunun tarixi” mövzusunda məruzə ilə çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında rolu, dövlət suverenliyinin möhkəmləndirilməsində görülən işlər barədə geniş məlumat verib.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlamasından sonra aparılan müdrik siyasət nəticəsində ölkədə siyasi-iqtisadi böhranlara, separatçılıq meyillərinə və vətəndaş qarşıdurmasına son qoyulduğu kimi, ərazilərimizin işğalının, milli suverenliyimizə qəsd olunmasının da qarşısı alındı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, dövlətçiliyimizi xilas etdi, öz əməlləri ilə müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi. Dövlətçiliyimiz və müstəqilliyimiz üçün bütün təhlükələri aradan qaldırdıqdan, siyasi-ictimai sabitliyini təmin etdikdən sonra hüquqi dövlət quruculuğuna başlayan Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi ilk tədbirlərdən biri yeni Konstitusiyanın hazırlanması oldu.
Vəli Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Daha sonra Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın ilk konstitusiyasının müəllifidir”, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov “Konstitusiyanın vətəndaş məsuliyyətinin formalaşmasında rolu” mövzusunda çıxış edərək, konstitusiyanın əhəmiyyəti, milli suverenliyin qorunması məsələlərinə toxunublar, habelə ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs ediblər.
Tədbirdə Azərbaycan Televiziyasının təşkilatçılığı ilə hazırlanmış Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki tarixi rolunu əks etdirən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş olunub.