Şirvanda məktəbəqədər təhsil müəssisəsinin açılışı olub.
Martın 13-də Şirvan şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimi keçirilib.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.
Sonra çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş işlər barədə ətraflı məlumat veriblər, həmçinin tədrisin keyfiyyətin yaxşılaşdırılması və maddi-texniki bazasının yenidən qurulmasının dövlətin əsas prioritet hədəflərindən biri olduğu vurğulayıblar.
Daha sonra qonaqlar bağçada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, iki mərtəbədən ibarət olan uşaq bağçası 140 yerlikdir, burada 3 qrup fəaliyyət göstərir. Bağçada orta, böyük qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.