Şirvanda “Milli İnsan Hüquqları” günü qeyd edildi.
08 iyun 2022 | 15:37
8 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 18 iyun "Milli insan hüquqları" günü münasibətilə Heydər Əliyev Mərkəzində "Heydər Əliyev - hüquq və idarəetmə sistemini möhkəmləndirən lider" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açıq elan edən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verilməsindən, Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınmasının, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsinin, müdafiə olunmasının məhz ümummilli liderin adı ilə bağlı olmasından bəhs etdi.
Sonra İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edib. Natiq insan hüquqları ideyasının əsasında iki başlıca amilin-insan ləyaqəti və bərabərliyinin dayandığını qeyd edib. İnsan hüquqlarının layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşüldüyünü bildirib. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan İnsan hüquq və azadlıqlarının bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində təkmilləşdiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının qanunvericiliyə uyğun olaraq təmin edildiyini qeyd edib.
Tədbirdə Şirvan şəhər Qeydiyyat şöbəsinin rəisi Bəhmən Quliyev çıxış edərək insanların doğulduğu andan hüquqlarının yarandığını, bu hüquqların müvafiq dövlət qurumları tərəfindən təmin edilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Tədbir Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri üzrə məsul işçisi Elçin Həsənovun çıxışı ilə davam edib. Elçin Həsənov insanların təhsil hüquqlarının təmin edilməsi sahəsində ölkədə qəbul edilən qanunlardan, onların yerinə yetirilməsi istiqamətində Təhsil Nazirliyi və onun yerli şöbələri tərəfindən görülən ardıcıl tədbirlərdən danışıb. Təhsil hüquqi sahəsində valideyn-müəllim münasibətlərində yaranan problemlərdən, onların həlli istiqamətində görülən işləri qeyd edib.
Sonda tədbirdə çıxış edən natiqlər iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara hüquq və azadlıqları barədə qanunvericiliyə uyğun olaraq geniş məlumatlar veriilb. Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin insan hüquqlarını özündə əks etdirən rəsm əsərlərinə baxış keçirilib.