Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

17 sentyabr 2025 | 17:31

Sentyabrın 17-də Şirvan Şəhər Heydər Əliyev Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, mədəniyyət və incəsənət nümayəndələri və musiqisevərlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli 140” adlı rəsm və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Milli Musiqi Günü münasibətilə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında, zənginləşməsində və beynəlxalq səviyyədə tanıdılmasında və qorunmasında iştirak edən hər kəsi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətlərinin olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını qeyd edib. Ü.Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsinin Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulayan İlqar Abbasov onun doğulduğu tarixin Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Həmçinin qeyd edib ki, Azərbaycan musiqisinin banisi sayılan Üzeyir Hacıbəyli təkcə milli musiqi irsimizə deyil, ümumilikdə dünya musiqi tarixində özünəməxsus iz qoymuş dahi bəstəkar, publisist, pedaqoq və ictimai xadimdir. Onun yaratdığı “Leyli və Məcnun” operası Şərqdə ilk opera kimi tarixə düşmüş, Azərbaycan musiqisinin peşəkar əsaslarının formalaşmasında dönüş nöqtəsinə çevrilmişdir.

Tədbirdə dahi bəstəkarın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsi rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər