Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

14 mart 2025 | 12:45

Martın 14-də Şirvan Şəhər İcra Hakimiyyəti və Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18 illiyi: Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, aidiyyəti dövlət qurumlarının və şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları, işəgötürənlər,  gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Şirvan Gənclər evi” SXM-də keçirilən tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümü və qarşıdan gələn peşə bayramı günü münasibətilə Xidmətin bütün əməkdaşlarını təbrik edib, keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən danışaraq, Şirvan şəhərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə işin uğurla aparıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər barədə geniş məlumat verib.

Daha sonra çıxış edənlər miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər, tənzimlənməyən miqrasiya ilə bağlı görülən tədbirlər, əcnəbilərə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi qaydaları, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər, 919 Çağrı Mərkəzi və “MİGAZ” mobil tətbiqi barədə məlumat veriblər.

Sonda miqrasiya sahəsi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər