Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

14 mart 2024 | 12:58

Martın 14-də Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsi tərəfindən Şirvan Gənclər Evində “Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17 illiyi: Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, inkişaf mərhələləri və miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, aidiyyəti dövlət qurumlarının və şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən danışaraq, Şirvan şəhərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə aparılan iş barədə məlumat verib.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov çıxışında Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazə, miqrasiya proseslərinin idarə olunması, üç dildə 7/24 saat fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi və Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verib.

Daha sonra çıxış edənlər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və bu istiqamətdə görülən işlərdən söhbət açıblar. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama, daimi yaşama icazələrinin alınması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və vətəndaşlığa qəbul ilə bağlı müvafiq prosedurlar izah olunub.

Sonda miqrasiya sahəsi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər