Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib.

19 mart 2026 | 12:12

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və miqrasiya əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə miqrasiya orqanları işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

Sonra çıxış edən Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov təbrikə görə əməkdaşlar adından şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib, Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti, ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Regional Miqrasiya İdarəsinin bir qrup əməkdaşı şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Keçidlər