Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

28 noyabr 2023 | 19:56

Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilərək, önünə tər güllər düzülüb. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövlət qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdıraraq, bu siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda respublikamızda formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu bildirib.

Qeyd edib ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində Şirvan şəhərində dini durum sabitdir, etiqad azadlığı tam təmin edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıb.

Daha sonra çıxış edən Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu vurğulayıblar. Ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd edilib ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur.

Tədbir çərçivəsində kitab sərgisi keçirilib.

Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

Sonda Şəhidlər Xiyabanı ziyarət olunub, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevə və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyevə təqdim edib.

Keçidlər