Şirvanda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans keçirilir.
Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfrans din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam edib.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov ölkəmizdə dini maarifləndirmə sahəsində həyata keçirilən işlərin önəminə toxunub. Eyni zamanda Şirvanda dini durumun sabit olduğunu da diqqətə çatdırıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət çəkib. Bildirib ki, bu ali dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması olduqca aktual məsələdir. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev isə radikalizmə qarşı mübarizə, habelə milli-mənəvi, tolerant dəyərlərin qorunması məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verib. Qeyd edib ki, bu prosesdə dini icmaların və din xadimlərinin köməyindən geniş istifadə olunur.
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan Şəhər Təhsil Sektorunun müdiri Elçin Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Əvəz Mehrəliyev, Əlfağa Murtuzov gənclərin yad dini ideologiyanın təsirinə düşməmələri üçün onların maarifləndirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər, eyni zamanda din xadimlərinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Konfrans noyabrın 30-da davam edəcək.