Şirvanda Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Mayın 26-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, bu gün Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birini – 28 May Müstəqillik Gününü böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın müasir dövlətçilik tarixi və bu gün qeyd etdiyimiz sarsılmaz müstəqilliyimiz birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ən ağır dövrdə məhz Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində dövlət müstəqilliyimiz real və sarsılmaz xarakter qazandı. O, Azərbaycanın müstəqilliyini təkcə siyasi bir akt kimi deyil, xalqın milli varlığının və azadlıq ruhunun təntənəsi kimi gələcək nəsillərə miras qoydu. Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycanın qüdrətli və dünyada söz sahibi olan bir dövlətə çevrilməsinin sarsılmaz təməlidir.
Qeyd edib ki, xalqımızın azadlıq iradəsini, milli ləyaqətini və sarsılmaz dövlətçilik ənənələrini yaşadan müstəqillik amalı, Ümummilli lider Heydər Əliyev ideyaları ilə mənəvi-siyasi güc qazanaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir Zəfərə çevrilib. Müasir dövrün çağırışlarına cavab verən güclü və suveren Azərbaycanın memarı olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Eyni zamanda vurğulayıb ki, müasir Azərbaycanın inkişaf strategiyasında dövlət quruculuğu ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin dünyada təbliği xüsusi yer tutur. Bu istiqamətdə Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, onun humanizm və xeyriyyəçilik prinsiplərinə əsaslanan təşəbbüsləri müstəqilliyimizin sosial və mədəni sütunlarını daha da möhkəmləndirir. Çox hörmətli Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan qadınının cəmiyyətdəki ali rolunu təsdiq etməklə bərabər, müasir dövlətçilik tariximizə zəriflik və böyük quruculuq ruhu bəxş edir.
İlqar Abbasov həmçinin çıxışında ölkəmizin növbəti dəfə möhtəşəm bir qlobal hərəkata ev sahibliyi etdiyini və Bakı şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, möhtərəm Prezidentimiz çıxışında ölkənin mövcud vəziyyətini və inkişaf strategiyasını beynəlxalq proseslər fonunda müqayisəli şəkildə dəyərləndirdi.
Bildirib ki, möhtərəm Prezidentimizin çıxışında vurğuladığı qlobal çağırışlar, ölkəmizin qazandığı təcrübələr, nail olduğu örnək inkişaf dinamikası, dayanıqlı şəhərlər və müasir idarəetmə prinsipləri beynəlxalq aləmdə eyni zamanda bizim yerli idarəetmədə fəaliyyətimiz üçün də əsas yol xəritəsidir.
İlqar Abbasov tədbir iştirakçılarını bu əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.
Sonra “Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir” mövzusunda məruzə ilə çıxış edən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin tarix müəllimi, əməkdar müəllim Mehran Əhməd qızı Azərbaycanın müstəqillik tarixindən, xalqımızın azadlıq uğrunda apardığı mübarizədən və dövlətçilik ənənələrindən bəhs edib. Bildirib ki, dövlət müstəqilliyi xalqımızın ən böyük nailiyyəti və milli sərvətidir.
Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib və ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutub. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq dövlətçiliyimizi qorudu, hüquqi və demokratik dövlət quruculuğunun əsasını yaratdı. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın gələcək tərəqqisinin möhkəm təməlini formalaşdırdı.
Qeyd edib ki, bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınır. Məruzəçi ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını və əldə edilən uğurları xalqımızın birliyinin və güclü dövlət siyasətinin nəticəsi kimi dəyərləndirib.
Tədbirdə müstəqilliyimizin rəmzi olan bu möhtəşəm Zəfər dövrünün növbəti bir beynəlxalq uğuruna – WUF13-ün açılış mərasimində Azərbaycanın təqdimatına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin, Şirvan Şəhəri Kimya və Biologiya Təmayüllü Liseyin və Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.






