Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Narkomaniyaya, əsrin bəlasına yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

22 sentyabr 2022 | 16:23

22 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Şirvan şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbin akt zalında şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya, əsrin bəlasına yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov tədbir iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər Komissiya”sının fəaliyyətindən danışıb. Narkomanlığın cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi,  yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı İltizam Yusifov narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğu, bəzi gənclərin narkotik asılılığına yuvarlanması barədə danışıb. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib.
Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov hazırda Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü vurğulayıb. Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə  iştirakçılara  polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.
21 nömrəli tam orta məktəbin müəllimi Sevinc Nəsirova yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

 

Mətbuat xidməti

Keçidlər