Şirvanda “Narkotiklərə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
17 noyabr 2022-ci il tarixdə Şirvan Peşə Liseyində Şirvan Şəhər İcra Hakimiyyəti,YAP Şirvan Şəhər Təşkilatı və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə ümumilikdə 70 nəfərə yaxın gənc iştirak etdi. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov çıxış edərək qeyd etdi ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edənən ciddi sosial bəlalardan biridir.Son günlər Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilməkdədir. Bundan öncəki mübarizə tədbirlərindən fərqli olaraq hazırda ictimaiyyət də rəsmi qurumlara kömək məqsədi ilə təbliğat işlərində fəal iştirak edir. Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəfael Nəsirov çıxış edərək bildirdi ki, şəhər icra hakimiyyəti əlaqədar təşkilatlarla birgə narkomaniyanın qarşısının alınması istiqamətində bundan sonra da fəaliyyətlərini davam etdirəcək və bu kimi maarifləndirici tədbirlər silsilə xarakteri daşıyacaqdır.Daha sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi, polis mayoru Nahid Bağırlı Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərə qarşı mübarizə sahəsində son zamanlar görülən işlərdən bəhs etdi. Sonra çıxış edən YAP Şirvan Şəhər Təşkilatının əməkdaşı Amil İsrailov gəncləri narkomaniya bəlasına qarşı diqqətli olmağa, onlara bu bəladan uzaq olmağa çağırdı. Çıxış edən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hüseyn İsmayılov çıxışı zamanı bildirdi ki, Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. O, eyni zamanda, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən görülən işlərdən bəhs etdi. Tədbirin sonunda narkotiklərin mənfi fəsadları barədə qısa video-roliklər nümayiş olundu.