Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib.

27 fevral 2025 | 13:04

Şirvan Şəhər Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək, onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustası, Azərbaycanın Xalq şairi, ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov, mədəniyyət işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə görkəmli ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Qeyd edilib ki, təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Tədbirdə şairin şeirləri səslənib, sözlərinə yazılan mahnılar ifa olunub, habelə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər