Şirvanda Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Martın 17-də Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin önündə keçirilən tədbirdə öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıb.
Bayram tədbirini açan el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirib və Bahar qızı ilə birlikdə yazın gəlişinin simvolu olan Səmənini şəhər İcra Hakimiyyətinin başçısına təqdim ediblər. Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq, şən söhbətləri ilə bayram əhval-ruhiyyəsi bəxş ediblər.
Sonra Şirvan idmançılarının cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrinə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və rəsm əsərlərindən ibarət sərgi baxış keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.






