Şirvanda Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Martın 18-də Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili Heydər Əsədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Öncə əsaslı təmir olunaraq, yenidən qurulmuş Şirvan şəhər İsmət Qayibov adına Mədəniyyət və İstirahət Parkının açılışı mərasimi keçirilib. Park şəhər sakinlərinin istifadəsinə verilib. Müasir üslubda qurulmuş park ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinə töhfə verməklə yanaşı, həm də şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradacaqdır.
İsmət Qayibov adına Mədəniyyət və İstirahət Parkında keçirilən bayram tədbirində əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Millət vəkili Heydər Əsədov şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıb.
Bayram tədbirini açan el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirib və Bahar qızı ilə birlikdə yazın gəlişinin simvolu olan Səmənini təqdim ediblər. Keçəl və Kosa şənliyə gələn qonaqları salamlayaraq, şən söhbətləri ilə bayram əhval-ruhiyyəsi bəxş ediblər.
Sonra Şirvan idmançılarının cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrinə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Millət vəkili Heydər Əsədov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıblar.
Bayram tədbiri konsert proqramı ilə davam edib.