Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə edilib.
Dekabrın 11-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin və Aparatının əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə keçirilən iclasda 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
İlqar Abbasov payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülən işlər və görülməsi nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.
Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Orxan İbrahimov şəhərin 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığının vəziyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarında qışa hazırlığın vəziyyəti araşdırılıb, əhalinin payız-qış aylarında fasiləsiz mavi qaz, su, elektrik enerjisi, nəqliyat vasitələri ilə təmin olunmasında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Daha sonra geniş müzakirələr aparılıb, aidiyyəti qurumların rəhbərləri çıxış edərək görülmüş işlər və çətinliklər barədə məlumat veriblər.
Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.






