Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

01 oktyabr 2025 | 14:08

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 107-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib.

Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və prokurorluq əməkdaşları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ehtiramlarını ifadə ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edən tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov prokurorluq işçilərini peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 107-ci ildönümü münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İlqar Abbasov Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqının təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, digər dövlət təsisatları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir, demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində cəmiyyətdə statusuna uyğun yerini tutduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.

Sonra çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, prokurorluq orqanlarında aparılan islahatlardan danışıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Prezident cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açıb.

Daha sonra çıxış edənlər – Şirvan Şəhər Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Aynur Fərzəliyeva, Orxan ibrahimov, Şirvan şəhər prokurorunun müavini Zaur Qasımov və Şirvan şəhər prokurorunun köməkçisi Ülviyyə Nuriyeva prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.

Tədbirdə veteran prokurorluq işçisi, Şirvan şəhər sakini Şakir Ağaverdi oğlu Səmədova Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin təbrik məktubu təqdim olunub.

Tədbirin sonunda Azərbaycan prokurorluğunun yaranmasının 107-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan şəhər prokurorluğunun bir qrup əməkdaşı şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub, Şirvan şəhər prokuroru Kamal Talıbova xatirə hədiyyəsi təqdim edilib.

Keçidlər